![First slide](https://aqdamli.az/assets/img/sitat.png)
"Ağdam gündəliyi-Beş ilin hesabatı" kitabı
Möhtərəm oxucu!
İndi oxuyacağınız bu xatirə-kitabı yazmağa məni kölgəmi qılınclayan bir vəzifəli ağzıgöyçəyin qarama dediyi sözlər vadar elədi. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən təzəcə getmişdim, onun dalımca təxminən belə bir fikir işlətdiyini eşitdim: “Nizami Sadıqov Ağdam üçün nə iş görüb, axı?..”
Bu üzdən həm Ağdamda çalışdığım təxminən beş il müddətində, həm də ondan əvvəlki dövrdə çətinliklərlə üzləşdiklərinə görə mənə müraciət edib yardım istəyən həmyerlilərimin mənafeyi naminə görməyi vacib saydığım və gördüyüm, indiyə qədər heç yerdə dilimə gətirmədiyim işlərin yaddaşımda qalan məqamlarını qələmə almaq fikrinə düşdüm. Beləcə, hesabat məzmunlu bu kitab ərsəyə gəldi.
Bəri başdan ağdamlıları və dəyərli oxucuları əmin etmək istəyirəm ki, uzun tərəddüdlərdən sonra yazmaq qərarına gəldiyim bu kitabda diqqətinizə çatdırdığım fakt və hadisələr hər kəlməsinə qədər həqiqətdir, zərrə qədər də olsun, hansısa şişirtməyə, tərifə və təhrifə yol verilməyib.